"İnter" Stankoviçi Bakıya gətirir

17:40 4 Fevral 2015

“İnter” qış transferi dövründə son keçidini gerçəkləşdirib.

Sportarena.az xəbər verir ki, “bankirlər”lə anlaşan serbiyalı futbolçu Vojislav Stankoviç artıq bu gün Azərbaycana gəlib.

“Partizan”la yollarını ayıran 28 yaşlı müdafiəçi ilə bütün məsələlər yoluna qoyulub. “İnter”lə 2 illik müqaviləni razılaşdıran Stankoviçin keçidinin ən geci sabah rəsmən açıqlanması gözlənilir.

190 sm boyu olan Vojislav Stankoviç 2009-2015-ci illərdə Serbiyanın ən köklü klubu olan “Partizan”ın formasını geyinib.

Bundan öncə isə futbolçu “Dinamo Vranye” və “OFK Belqrad” klublarında çıxış edib. Bu isə o deməkdi ki, Stankoviç ilk dəfə legioner həyatını məhz Azərbaycanda yaşayacaq. Mərkəz müdafiəçisi karyerası ərzində 1 dəfə - 2010-cu ildə Serbiya yığmasının formasını geyinib.

Qeyd edək ki, Vojislav Stankoviç “İnter”in qış fasiləsində heyətinə qatdığı 5-ci futbolçu olub. Ondan öncə bakılılar Yussef Fenniç, Ruben Şaken, Tural Hümbətov və Əfran İsmayılovu transfer etmişdilər.

 


Digər xəbərlər

Xəbər xətti