Zirə Eko parkında cüdo üzrə ustad dərsi baş tutub - FOTOLAR

11:26 18 Sentyabr 2023

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə 16 sentyabrda Zirə qəsəbəsində yerləşən Eko parkda cüdo üzrə ustad dərsi keçirilib.

Sportarena.az xəbər verir ki, ustad dərsi ACF-in Prezidentinin müşaviri  Natiq Bağırov, Olimpiya mükafatçısı Rüstəm Orucov, Dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərovun iştirakı ilə baş tutub.

Tədbir zamanı cüdonun fəlsəfəsi, fundamental texnikalar, fəndlərin yerinə yetirilməsi də daxil olmaqla müxtəlif mövzular əhatə olunub. Həmçinin, peşəkarlar tərəfindən müxtəlif cüdo fəndləri uşaqlara və gənclərə nümayiş olunub.  

Orxan Səfərov tədbirlə bağlı fikirlərini bölüşərək dedi: “Mən artıq ikinci dəfədir ki, Federasiyanın təşkil etdiyi ustad dərslərində iştirak edirəm. Tədbir zamanı uşaqlar çox böyük maraq göstərdilər, çoxlu suallar verərək fəal iştirak etdilər. Uşaqlar bizdən diqqət gözləyirdilər, biz də hər kəsə diqqət göstərməyə çalışdıq. Tədbirə qatılan iştirakçılar arasında hətta Bakıdan gələnlər də var idi. Əhali arasında cüdoya belə geniş marağın şahidi olmaq bizə sevinc bəxş edir.”.

Rüstəm Orucovun sözlərinə görə ustad dərsləri uşaqları çox sevindirir: “Yadımdadır ki, kiçik yaşlarımda Elçin İsmayılov və  Mövlud Mirəliyev kimi cüdo ustalarından cüdonu öyrənmək mənim üçün böyük motivasiya idi. Ustad dərsində mən və Orxan uşaqlara öz texnikalarımızı göstərdik, ruhlandırıcı sözlər dedik və bu onlara böyük sevinc və motivasiya verdi. Düşünürəm ki, bu cür tədbirlər tez-tez təşkil olunmalıdır.”.

Daha sonra, Rüstəm Orucov və Orxan Səfərov iştirakçılara öz imzalı fotolarını təqdim etdilər və onlarla xatirə şəkli çəkdirdilər.

Bu cür layihələrin həyata keçirilməsində ACF-in əsas məqsədi gənc nəslin fiziki və mənəvi sağlamlığına töhfə vermək, idmanla məşğul olan uşaqların, gənclərin sayını artırmaq və cüdo idman növünü təbliğ etməkdir. 



Digər xəbərlər

Xəbər xətti