Elmar Baxşıyev: "Ən zəif oyunumuzu oynadıq"

22:48 6 Avqust 2023

"Oyun haqda danışılası çox şey yoxdur. Komanda şəklində çox zəif oynadıq. Belə oyun gözləmirdik. Bu matçı düzgün analiz edib, qarşıdakı oyunlara hazırlaşmalıyıq".

Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Misli Liqasının ilk turunun "Sabah"la matçından (0:5) sonra keçirilən mətbuat konfransında deyib. 

O, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Omoniya"ya uduzduqdan (1:4) sonra komandanın özünə gələ bilmədiyini qeyd edib: "Nikosiyadan gələndən sonra heç mən özüm bərpa olunmamışam. Qaldı ki, futbolçular. Əlbəttə ki, ağırdır. Səfərdə oynayırsan, səhərə kimi yatmayıb reysi gözləyirsən. Futbolçulara da adaptasiya baxımından təsir edir. Oynadığımız ən zəif oyun idi. Toplanış vaxtı komandamın oyununda dinamika görürdüm. Sadəcə bu gün çox yorğun idik. Amma qarşıdakı vaxtlarda daha yaxşı komanda görəcəyik. Belə məğlubiyyətlər də qaçılmazdır. Hər bir komandanın başına gələ bilər. Ümidsiz deyilik. Çalışacağıq ki, futbolçuları qarşıdakı oyunlara hazırlayaq". 


Xəbər xətti