Qurban Qurbanov: “Hamı “Qarabağ”ın üzərinə gəlir” - MÜSAHİBƏ

00:07 6 Avqust 2023

“Rəşadı, “Zirə”ni təbrik edirəm. Çempionata çox yaxşı başladılar”.

Sportarena.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə”yə 0:1 hesabı ilə məğlub olduqları Premyer Liqanın I tur oyunu barədə danışarkən deyib.

51 yaşlı mütəxəssis “Azersun Arena”dakı qarşılaşmanın ardından mətbuat konfransında fikirlərini bölüşüb: “Öz potensialımızdan çox aşağı oynadıq. Amma futbolçularımı başa düşürəm. Oyun təcrübəsi olmadıqda, formadan uzaq olurlar. İlk görüş göstərdi ki, çempionatda hər matça daha ciddi yanaşmalıyıq. Qarşıdakı oyunlarda lazım olsa, rotasiyalara gedəcəyik. Çünki futbolçuların sağlamlığı da vacibdi. Maraqlı çempionat başladı. Qarşıdakı oyunlarda daha yaxşı olmağa çalışacağıq”.

- Bu məğlubiyyət toparlanmağınız üçün təkan ola biləcək?

- Uduzduqda, xal itirdikdə, belə oyunların komanda və mənim üçün faydası daha çox olub. Məncə, hər şey qaydasında olacaq. Çünki yaxşı kollektivimiz var. Daha yaxşı çıxış etməyə qadirik. İnanıram ki, get-gedə hər bir futbolçunun potensialını tam üzə çıxara biləcəyik.

- Azarkeşlər transfer tələb edirdilər. Buna münasibətiniz necədi?

- Futbol azarkeşlərə görə oynanılır. Bəzən onlar da emosiyalarını saxlaya bilmirlər. Normal qarşılamaq lazımdı. Amma dəfələrlə bildirmişəm ki, mövsümün ortasında belə, transfer işləri ilə məşğul oluruq. Lazım olduğu oyunçuları dəvət edirik. Əfsuslar olsun ki, bəzən alınır, bəzən yox. Bu il az transfer etməmişik. Danışıqlarımız gedir. Çox maraqlı və döyüşkən futbolçularım var. Potensialımız bu deyil. Hamı bizim, “Qarabağ”ın üzərinə gəlir. Biz rəqiblərin üzərinə getməkdən çəkinməyəcəyik, həvəsdən düşməyəcəyik. Futbolçular bunu dərk edirlər. İnanıram ki, qarşıda bunu bacaracağıq. Pis tərəfini düşünəndə... Bacarmasaq, nə olacaq? Futbolçularım döyüşkəndi, cəsurdu. İnanıram ki, onlarla birlikdə yaxşı nəticə qazanmağa gecə-gündüz çalışacağıq.

- UEFA avqustun 10-dakı avrokubok oyunlarının hər üçünü Bakıya salıb. Düşünmürsüz ki, Tofiq Bəhramov adına Respublika stadionuna az azarkeş gələcək?

- İnanmıram. Hər komandanın öz azarkeşi var. Bakıda 4 milyondan çox adam yaşayır. Burada problem olmayacaq. Futbol tarixində ilk dəfədi ki, üç oyun eyni şəhərdə keçiriləcək. Maraqlı olacaq. Təki hamı uğurlu nəticə əldə etsin, hamı sevinsin. Hər komandanın azarkeşləri biri-birinə qarışıb, təbrik etsinlər.

- UEFA-nın Azərbaycana qarşı münasibəti ikili standart kimi görünmür?

- UEFA toxunulmaz qurumdu. Fikir bildirə bilmərik. Nizamnaməni tam bilmirəm.

- Dörd gündən sonra HİK-lə oyununuz olacaq. Komandanı toparlamaq çətin olmayacaq?

- İnanmıram ki, çətin olsun. Əksinə, mənə elə gəlir ki, daha rahat olacaq. Narazılıqlar, “Rakuv”la ilk oyundan sonra var. Bu günə kimi davam edir. Üzərimizə gəlirlər yox, insanlar fikirlərini bildirirlər. Biz elə yola çıxmışıq ki, bunlara hazır olmalıyıq. Mən qarışıq, futbolçularım da belə anlarda ayaq üstdə durmağı, məsuliyyətli olmağı xoşlayır.

- Jurnalistlərə müsahibə vermək barəsində futbolçulara hər hansı qadağa olacaq?

- Deməmişəm. Siz də çox narahat etməyin. Onlar nə etmək lazım olduğunu bilirlər.

- HİK-i araşdıra bilmisiz?

- Sanki ikinci “Rakuv”du. Sistem və oyun olaraq belədi. Bərk komandadı. Skandinaviya komandaları intizamlı oynamağı xoşlayırlar. “Rakuv” kimi müdafiə olunurlar, hücumda çox bənzər epizodlar var. Sabahdan futbolçulara rəqib barədə tapşırıqlar verəcəyik.

- HİK-in “Rakuv”a bənzəməsi sizi narahat edir?

- Məni narahat etməyən komanda yoxdu. Hər komandanın sürprizləri olur. Yenə də bütün rəqiblərə qarşı düşündüklərimizi yerinə yetirmək istəmişəm. Ümumən yaxşı komandaya qarşı oynayacağıq. Çalışacağıq ki, daha yaxşı oyun göstərək.

- Maksim Medvedevin zədəsi nə yerdədi?

- Məncə, zədə deyil. Əzələsində kramp var. Qarşıdakı günlərdə hər futbolçunun idman formasına baxacağıq. Rəqibi də analiz edib, heyət barədə düşünəcəyik.

- Marko Veşoviçin yoxluğunda problem yarana bilər? HİK-in də ən yaxşı hücumları həmin cinahdandı...

- Rəqibin harada təhlükəli zonaları, futbolçuları varsa, əlavə diqqət ayıracağıq. Oyunçulara deyəcəyik. Hansı oyunçu bizə təhlükə yaradarsa, ona diqqət ayıracağıq.

- Daha maraqlı çempionat gözlənilir. “Qarabağ” üçün çətin olacaq?

- Bu gün belə nəticə olubsa, çempionatın maraqlı alınacağını gözləmək olar. Hər rəqib keçən illə müqayisədə daha iddialıdı, transferlər çox edib. Bunlara hazır olacağıq. Amma biz də pis deyilik. Daha ciddi və işgüzar olmalıyıq. Təki maraqlı olsun.


Xəbər xətti