“Şəhriyarın mübarizəni dayandırması bəxtsizlikdir” - Rauf Məmmədov

15:10 5 Avqust 2023

Dünya Kubokunda üçüncü mərhələyə vəsiqə qazanan azərbaycanlı şahmatçı Rauf Məmmədov tay-brekdəki qələbəsi barədə danışıb. 

Sportarena.az xəbər verir ki, R.Məmmədov turnirin rəsmi saytına açıqlamasında oyunun çətin keçdiyini deyib.

“Tay-brekdən öncə gecəni çox pis yatmışdım. Ona görə oyun çətin keçdi. Dünya Kubokunun yeni qaydalarında armageddon yoxdur. Bu isə çətinlik yaradır. Heç-heçələrlə növbəti mərhələyə çıxmaq mümkün olmur. Məşqçi Aleksandr Xalifmana çox sağ ol demək istəyirəm. Tay-brekdə onun köməyindən istifadə etdim və qalib oldum. Xalifmanla həm də dostluq münasibətlərimiz var”, - idmançı bildirib.

Üçqat Avropa çempionu üçüncü mərhələdə qarşılaşacağı rəqibi FIDE təmsilçisi Yan Nepomnyaşi barədə də fikirlərini bildirib: “Növbəti oyuna hazırlaşmaqdan çox rahat dincəlməyi düşünürəm. Növbəti rəqib Yan Nepomnyaşiy olacaq. Kifayət qədər güclü şahmatçıdır. Vitse-dünya çempionudur. Çalışacam ən yaxşı oyunumu göstərim”.

Azərbaycanlı şahmatçı komanda yoldaşı Şəhriyar Məmmədyarovun Dünya Kuboku ilə erkən vidalaşmasını bəxtsizliklə əlaqələndirib: “Şəhriyar kimi şahmatçının erkən mərhələdə mübarizəni dayandırması mənə görə bəxtsizlikdir. Digər tərəfdən, etiraf etmək lazımdır ki, şahmatın səviyyəsi çox qalxıb. Hazırda 2300 reytinqi olan şahmatçını məğlub etmək asan deyil. Şəhriyarın rəqibi yaxşı şahmatçıdır. Məncə bu, sinqapurlu Tin Jinqao  2700 reytinqli şahmatçı olacaq, uğurları qarşıdadır”.


Digər xəbərlər

Xəbər xətti