"Müdafiədə diqqətli oynamalı idik, bunu bacarmadıq" - MÜSAHİBƏ

12:49 29 Oktyabr 2021

“Araz-Naxçıvan”ın müdafiəçisi Amir Şocaei Azərbaycan Futzal Federasiyasının saytına müsahibə verub.

 

Sportarena.az həmin müsahibəni diqqətinizə çatdırır:

 

- “Uraqan”a məğlubiyyətin səbəbini nədə görürsən?

- İlk oyunda meydan sahiblərinə qarşı oynamaq hər zaman çətin olur. Üzərində daim təzyiq hiss edirsən. Eyni zamanda iki ilə yaxın idi azarkeş səsi eşitmirdik. Oyunlarda səs-küy olmurdu. Bu gün yerli azarkeşlərin səsi hər addımda eşidilirdi. Meydanın örtüyü də bir qədər sürüşkən idi. Bunlar üst-üstə yığılanda əməlli-başlı çətinlik yaradırdı.

 

- Baş məşqçi birinci hissədəki çıxışınızdan narazı qaldı. Niyə oyununuz alınmadı?

- Baş məşqçi ilə razılaşmamaq mümkün deyil. Niyə alınmadığını deyə bilmərəm, amma kobud səhvlər buraxdıq və nəticədə rəqib iki qol vurdu. Bundan sonra fərqlənmək üçün irəli atılsaq da, oyunu istədiyimiz kimi qura bilmədik. Sanki tələsirdik, sakit, səbirlə oynaya bilmirdik.

 

- Bəs niyə səhvləri biz etdik, rəqib yox?

- Səhvlər öyrəşmədiyimiz yerdə oynamaqdan başladı. Əlbəttə, hər şeyi örtüklə bağlamaq istəmirəm. Öz səhvlərimiz də kifayət qədər oldu. Müdafiədə diqqətli oynamalı idik, bunu bacarmadıq.

 

- Rəqib sanki fiziki hazırlıq baxımından bizdən güclü idi..

- Bilirsiniz ki, turnirə ciddi itkilərlə gəldik. Heyətimiz məhdud idi. Fiziki baxımdan bizdən üstün olduqlarını qəbul edirəm. Amma hər şeyi bununla bağlamaq olmaz. Diqqətli oynamadıq, boşluqlar verdik. Halbuki bunun qarşısını almalı idik.

 

- Növbəti rəqib Rumıniya çempionudur. Bu görüşdən nə gözləyirsən?

- Onların oyununu izləmişəm. Hər bir rəqibin özünə görə gücü, taktikası, sürprizləri var. Baş məşqçi oyunla bağlı tapşırıqlar verəcək. Bir məsələni qeyd edim ki, burada asan rəqib yoxdur. Heç kim düşünməsin ki, filan ölkənin komandası zəifdir, onu asanlıqla udacağıq. İştirakçı kollektivlərin hamısı mübarizə aparır. Hər kəs istəyir ki, qələbələr qazansın, yaxşı nəticə əldə etsin. Biz də bura uğur qazanmaq üçün gəlmişik. Əlbəttə, meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq.

 

- Birinci yeri tutmaq üçün şansımız qalıbmı?

- Qalan iki oyun bizim üçün bir savaşdı. Bu “müharibə”ni udman üçün sona qədər “vuruş”acağıq. Hər şey qismətdən asılıdır. Bəlkə elə vəziyyət yaranacaq ki, hansısa komanda növbəti oyunda 4-5 futzalçısının xidmətindən yararlana bilməyəcək. Üzərimizə düşən odur ki, qarşıdakı 2 oyundan maksimum xal toplayaq.


Digər xəbərlər

Xəbər xətti