İlham Əliyev Ramil Quliyevi təbrik etdi

16:17 11 Avqust 2017

Azərbaycan prezidenti İlham Əliyev Ramil Quliyevi atletika üzrə dünya çempionu olması münasibəti ilə təbrik edib.

Sportarena.az xəbər verir ki, dövlət başçısının məktubunda deyilir: 
 

"Əziz Ramil. İlk növbədə səni yüngül atletika üzrə dünya çempionu adını qazanmağın münasibətilə səmimi qəlbdən təbrik edirəm.

 

Qeyd etmək istərdim ki, tarixdə ilk dəfə olaraq azərbaycanlı idmançı yüngül atletika üzrə dünya çempionu olub. Xüsusilə sevindirici haldır ki, sən qələbədən sonra Azərbaycan və Türkiyə bayraqlarını qaldırdın. Bu, onu göstərir ki, sən öz xalqına bağlı, vətənpərvər insansan.

 

Sən bu gün Türkiyəni təmsil edirsən. Ancaq idmanda ilk addımlarını Azərbaycanda atmısan.

 

Bu qələbə münasibətilə Türkiyəni də təbrik edirəm. Sənin qələbən, eyni zamanda, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının növbəti təzahürüdür. Biz Azərbaycanda səninlə fəxr edirik. Sənə idmanda yeni qələbələr arzulayıram". 

 

Xatırladaq ki, Türkiyə millisinin şərəfini qoruyan Ramil Quliyev Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında qızıl medal qazanıb. O, 200 metr məsafəyə yarışda 20.09 saniyə nəticə göstərərək, fəxri kürsünün birinci pilləsinə qalxıb. “Fənərbaxça” klubunun şərəfini qoruyan həmyerlimiz qardaş ölkəyə bu sahədə ilk dünya çempionluğunu qazandıraraq, tarix yazıb.

 

Yarışdan sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da həmyerlimizi rəsmi "tvitter" səhifəsində təbrik etmişdi.


Digər xəbərlər

Xəbər xətti