Musa Qurbanlı: "Atamın qərarı olmadan addım atmaram"

00:32 29 May 2023

"Hər mövsümün öz çətinliyi var. Asan mövsüm olmur. Burada bizim 1 illik əziyyətimiz var".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Musa Qurbanılı Misli Premyer Liqanın 36-cı turunun "Turan Tovuz"la matçından sonra jurnalistlərə müsahibəsində deyib.

 

O, bu mövsüm çempionluq yolunda "Sabah"ın "Qarabağ"a çətnlik yaratdığını bildirib:

"Bizim meydandan kənarda çəkdiyimiz əziyyətlər, məşqlər görünmür. Bütün mövsümlərdə futbolçuların, məşqçilərin, klubun işçilərinin zəhməti var. Ona görə də hər il çempion olanda çox böyük sevinc yaşayırıq. Bu il bizə "Sabah" bir az çətinlik yaratdı. Bu da bizi sevindirir. İstəyərdik ki, "Neftçi", "Zirə", "Qəbələ" və digər klublarımız da çox inkişaf etsinlər, çempionatımız maraqlı olsun. Bu, bizə ancaq xeyir verə bilər".

 

21 yaşlı hücumçu bombardir olmadığına görə üzülmədiyini deyib:

"Hər oyun qol vurmaq istəyirəm. Elə matç olmayıb ki, qol vurmaq istəməyim. Bu oyun da onlardan biri idi. Kim istəməz ki, bombardir olsun? Amma çox məyus olmuram. Şükür Allaha ki, 21 qol vurdum. Bombardir Ramil Şeydayev oldu. O da kənar adam deyil, özümüzünküdür. Onun üçün çox sevindim. Mən əlimdən gələni etdim. Xeyirlisi belə imiş".

 

O, Avropa klublarından birinə mümkün keçidi haqda qeyd edib:

"Hələ ki, bu haqda dəqiq qərar verilməyib. Çempionatın bitməsini gözləyirdik. Baş məşqçimizlə bir yerdə qərar verəcəyik. Nəticədə gedib oynayası olan mənəm. Amma atamın da qərarı olmadan addım atmaram. Əlbəttə ki, onunla məsləhət olunacaq. Çünki, atamın həyatda və futbolda təcrübəsi məndən qat-qat çoxdur".

 

Millimizin də üzvü olan gənc forvard adının "Zaltsburq", "Poqon" klubları ilə hallanmasına da münasibət bildirib:

"Təklifi kluba göndərirlər, mənim özümə yox. Rəsmi təklif olsa, yəqin ki, xəbərimiz olar. Maraqlananların olması normaldır. Çünki, gənc futbolçunun nəticəsi varsa, maraqlanan olur. Mən bunu ümumi məlumat olaraq bilirəm".


Xəbər xətti