“Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib

17:05 5 May 2023

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.

 

Sportarena.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkilatçılığı ilə təşkil edilən yarışın açılış mərasimində “Heydər Əliyev və Azərbaycan şahmatı” adlı video nümayiş olunub.

 

Ardınca AŞF-nin prezidenti Mahir Məmmədov çıxış edərək bildirib ki, ölkə şahmatının inkişafının əsası Heydər Əliyev tərəfindən qoyulub. M.Məmmədov şahmata olan diqqət və qayğının bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini söyləyib.

 

Daha sonra nitq söyləyən FIDE prezidenti Arkadi Dvorkoviç şahmat yarışlarının yüksək səviyyədə təşkilatçılığı, eləcə də, bu idman növünün inkişafı naminə görülən işlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib.

 

Gənclər və idman naziri Fərid Qayıbov isə mayda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan bir sıra idman tədbirlərinin keçiriləcəyini vurğulayıb.

 

Dövlət Himni səsləndirildikdən sonra rəsmi hissə başa çatıb.

 

Açılış mərasimi şahmata həsr olunan rəqs kompozisiyası ilə yekunlaşıb.

 

Qeyd edək ki, 2-ci turda FIDE prezidenti Arkadi Dvorkoviç, gənclər və idman naziri Fərid Qayıbov müxtəlif lövhələrdə rəmzi ilk gedişi ediblər.


Digər xəbərlər

Xəbər xətti