La Liqanın prezidenti Çempionlar Liqasının formatının dəyişdirilməsini təklif edib

18:51 2 May 2023

İspaniya La Liqasının prezidenti Xavyer Tebas UEFA Çempionlar Liqasının formatının dəyişdirilməsini təklif edib.

 

Sportarena.az xəbər verir ki, qurum rəhbəri 2024-cü ildən təşkil ediləcək yeni formatın uğursuz olacağını düşünür.

 

Onun fikrincə, UEFA ölkə çempionlarının iştirakı ilə fərqli model üzərində çalışmalıdır:

“Mən La Liqanı təmsil edirəm, amma İspaniya çempionatında 4-cü yeri tutan komanda Çempionlar Liqasını gücləndirmir”.

 

Tebas əlavə edib ki, avrokuboklarda çıxış edən klubların gəliri yüksək olduğundan, onlar öz ölkələrindəki digər komandalardan çox fərqlənirlər:

“2016-cı ildə yüksək liqaların klublarına Çempionlar Liqasında daha çox yerin verilməsi qərarını yanlış hesab edirəm. Şəxsən mən, La Liqa da daxil olmaqla, “böyük beşlik” ölkələrində dörd klubun Çempionlar Liqasında iştirakına qarşıyam”.

 

Qeyd edək ki, İspaniya La Liqasında sona 6 tur qalmış “Barselona”, “Real Madrid”, “Atletiko” və “Real Sosyedad” Çempionlar Liqasına vəsiqə verən ilk dörd yerdə qərarlaşıblar.


Digər xəbərlər

Xəbər xətti