Xetaq Qazyumov: "Qorxurdum ki, millidə işim alınmayacaq"

19:17 21 Aprel 2023

"Ötənilki uğuru təkrarladığımız üçün şadam. Qorxurdum ki, məndə alınmayacaq. Amma hər şey əksinə oldu və komanda hesabında birinci yeri tutduq".

 

Sportarena.az xəbər verir ki, bunu bunu Xorvatiyanın paytaxtı Zaqrebdə komanda hesabında Avropa çempionu olan sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

 

40 yaşlı mütəxəssis bildirib ki, bu uğurda yığmanın əvvəlki çalışdırıcısı Namiq Abdullayevin çox böyük əməyi var:

"Onun qurduğu işi davam etdirirəm".

 

Qazyumov Zaqrebdə qazanılan nəticədən razı qaldığını söyləyib:

"Daha çox qızıl medal götürmək istəyərdik. Dörd idmançımız finala çıxmışdı. Bəzi güləşçilərimiz zədəli idi. Onlar sağlam olsaydılar, daha fərqli nəticəyə imza atardıq. Təəssüf ki, 92 kq-da Osman Nurməhəmmədov, 97 kq-da Maqomedxan Maqomedov finalda uduzdular. Onlara ümidlərimiz böyük idi".

 

Baş məşqçi qarşıdakı planları da açıqlayıb:

"Bir həftə dincəldikdən sonra Bakıda toplaşıb dünya çempionatının hazırlıqlarına başlayacağıq. Bizi bir neçə hazırlıq mərhələsi gözləyir. Bir neçə beynəlxalq turnirdə iştirak edəcəyik. Bir sözlə, Paris olimpiadasına lisenziya verən mundiala ciddi hazırlaşacağıq".

 

Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan millisi 2 qızıl, 2 gümüş və 2 bürünc medalla komanda hesabında Avropa çempionu olub.


Xəbər xətti