Laurentsiu Regekamp: “Finala çıxacağımıza yüz faiz inanıram”

19:14 19 Aprel 2023

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri ilk oyunu şəhr edib.

 

Sportarena.az xəbər verir ki, rumıniyalı mütəxəssis 0:1 hesabıyla uduzduqları qarşılaşmadan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Oyunumuzdan və hesabdan narazı qaldım. Oyunu çox çətinləşdirdik. Öz səviyyəmizdə oynamadıq. Bir neçə futbolçu bu gün öz səviyyəsinə çata bilmədi. Bu haqda düşünməliyik. Çempionat matçına və kubok oyununa hazırlaşmaq üçün bir neçə günümüz var. Hazırda yaxşı görünmürük. Futbolçularıma yüz faiz inanıram. Onlar növbəti matçda nəticəni dəyişə biləcəklər və bizi finala daşıyacaqlar.

Komandanın yaxşı görünməməsinin ən böyük səbəblərdən biri süni örtüklü meydançadır. Futbolçularımla çoxlu söhbət edirəm. Çalışıram onların fikrini yayındırım ki, meydança haqda çox düşünməsinlər. Səbəb axtarmaq lazım deyil. Yaxşı oynamadıq. Yaxşı oynamsan belə, meydanda mübarizə aparmalısan. Cavab matçında rəqibə başqa üzümüzü göstərməli olacağıq.

Rəqib oyunçular həm mübarizə apardılar, həm qaçdılar. İçlərində belə hiss var idi ki, hər top uğrunda mübarizə aparmalıdırlar. Həmişə sadə və uzun oynamağa çalışırdılar. Biz bunu şərh etməli deyilik. Çünki bu, onların oyun üslübudur. Əllərinə düşən şansdan yararlana bilirlər. Cavab görüşünə yaxşı hazırlaşmalıyıq. İnanıram ki, komandam geridönüş edəcək. Bu cür vəziyyətlərə artıq öyrəşmişik. Atmosfer mükəmməl idi. Onlar bu gün 12-ci oyunçu kimi çıxış etdilər. Stadionda belə halları görmək çox gözəldir. Rumıniyada bü cür atmosfer olan kifayət qədər stadionlar var.

“Səbail”lə matça əlimizdə olan ən yaxşı heyəti buraxacağıq. Futbolçularım asanlıqla üç gündən bir oynaya bilərlər. Finala yüksəlməliyik. Bunun üçün də qollar vurmaq lazımdır. “Bakcell Arena”da nələrin baş verəcəyini bilirik. Çünki ora gələn komandalar futbol oynamağa çalışır. Hətta “Turan Tovuz” da nələrsə etməyə çalışacaq. Öz oyunumuzu oynamağa və finala yüksəlməyə çalışacağıq. Futbolçuların səviyyəsinə inanıram. Bizim yaxşı oyunçularımız var. Onlar normal meydançada oynayacaqlar. Orada istədikləri şeyləri edə biləcəklər. Amma bu, futboldur. “Turan Tovuz”un da şansları olacaq. Mən öz komandam haqda danışıram. Yüz faiz əminəm ki, futbolçularım geridönüş edə biləcəklər”.


Xəbər xətti