Azərbaycan çempionatı: Liderdən daha iki qələbə

21:46 10 Aprel 2023

Kişi həndbolçular arasında Azərbaycan çempionatında növbəti iki turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, “AHF Arena”da təşkil olunan yarışın 23-cü turunda lider “İdman Akademiyası” ilə ən yaxın izləyicisi “Məhsul”un görüşü tələbələrin qələbəsi ilə yekunlaşıb. “Məhsul”un müqavimətinə baxmayaraq, qarşılaşma nominal meydan sahibinin xeyrinə başa çatıb – 25:23.

 

“Təhsil” – “Dinamo” matçında “dinamoçular” azarkeşlərini sevindiriblər – 31:24. “Bakı” isə autsayder U-16 üzərində 44:25 hesablı qələbə qazanıb.

 

“İdman Akademiyası” 24-cü turda “Məhsul”u daha inamlı hesabla məğlub edib – 32:20. “Təhsil” “Dinamo” ilə növbəti matçda əvvəlki turdakı məğlubiyyətin əvəzini çıxıb – 25:22. “Bakı” isə U-16-ya növbəti dəfə böyük hesabla (44:26) qalib gəlib.

 

Turnir cədvəlinə 51 xalla “İdman Akademiyası” başçılıq edir. “Məhsul” liderdən 10 xal geri qalır. “Dinamo” 39 xalla üçüncü, “Təhsil” 30 xalla dördüncü pillədədir. Beşinci yerdəki “Bakı”nın 13 xalı var. Hərəyə 3 xalı olan RİOEUGİM və U-16 son pillələri bölüşürlər.


Xəbər xətti